Fatma Yıldırım: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirəcək

Fatma Yıldırım: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirəcək

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində mühüm hadisədir.

Bu barədə Veten.Az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat qeyd edib ki, noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni mərhələyə yüksəldilməsini ifadə edir.

Fatma Yıldırımın sözlərinə görə, bu sənəd Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan və çoxşaxəli xarici siyasətinin növbəti uğurlu nəticəsidir:

“Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət ölkəmizə dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan münasibətlər qurmaq imkanı yaradıb. Bəyannamədə Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin bir daha təsdiq edilməsi xüsusi siyasi əhəmiyyət daşıyır”.

Deputat Ermənistanla münasibətlərin normallaşdırılması və 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsinin əhəmiyyətinin vurğulanmasının Azərbaycanın regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasəti baxımından mühüm olduğunu bildirib.

O vurğulayıb ki, sənədin əhəmiyyəti yalnız siyasi məsələlərlə məhdudlaşmır. Belə ki, müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerji, nəqliyyat, təhsil və innovasiyaya qədər geniş əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Fatma Yıldırım xüsusilə Böyük Britaniya ilə 30 ildən artıq tarixə malik enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf etdirilməsini diqqətə çatdırıb. Onun fikrincə, ənənəvi enerji sahəsində Azərbaycanın qazandığı mövqeyin bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və müasir texnologiyalarla tamamlanması iqtisadiyyatın şaxələndirilməsi üçün yeni imkanlar açır.

Deputat Orta Dəhlizin inkişafını da strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri kimi qiymətləndirib:

“Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və artan tranzit imkanları ölkəmizi beynəlxalq ticarət və logistika sistemində mühüm tərəfdaşlardan birinə çevirir. Bu sahədə Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir”.

Millət vəkili müdafiə sənayesi, sərhəd təhlükəsizliyi və hüquq-mühafizə sahələrində əməkdaşlığın nəzərdə tutulmasının müasir geosiyasi şəraitdə xüsusi aktuallıq daşıdığını qeyd edib. Eyni zamanda, təhsil, süni intellekt, rəqəmsallaşma və innovasiya sahələrində əlaqələrin genişləndirilməsinin insan kapitalının gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Fatma Yıldırım hesab edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və bərabərhüquqlu tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu sənəd Azərbaycan-Böyük Britaniya əlaqələrinə yeni dinamika qazandıracaq.

Deputat əlavə edib ki, strateji tərəfdaşlığın real nəticələri müəyyən edilmiş əməkdaşlıq istiqamətlərinin konkret layihələrə, investisiyalara və qarşılıqlı faydalı təşəbbüslərə çevrilməsi ilə ölçüləcək.