Bakıda ailədaxili zorakılıq hadisəsi ilə bağlı məhkəmə qərarı verilib. Arvadının telefonundan oğluna zəng edilməsinə əsəbiləşən kişi mobil telefonu həyat yoldaşının başına çırpıb.
Veten.Az xəbər verir ki, hadisə 45 yaşlı Əlizamin Əliyev (ad və soyad şərtidir) tərəfindən törədilib.
Məlumata görə, kişi gecə saatlarında 22 yaşlı oğluna zəng etsə də, zəngə cavab verilməyib. Daha sonra həyat yoldaşı Gülnisənin (adı şərtidir) telefonundan oğluna zəng edib. Oğlu anasının zəngini açdıqdan sonra buna əsəbiləşən Əlizamin telefonu qadının başına çırpıb və ona müxtəlif xəsarətlər yetirib.
Məhkəmədə zərərçəkmiş qadın bildirib ki, uzun illərdir ərinin zorakılığına məruz qalır. Onun sözlərinə görə, əri adına 8 min manat kredit götürüb, lakin borcu ödəməyib. Həmçinin oğlunu da evdən qovub.
Qadının iddiasına əsasən, hadisə günü sərxoş vəziyyətdə evə gələn Əlizamin oğlunun anasının zənginə cavab verməsinə əsəbiləşərək ona hücum edib. Ertəsi gün hadisəni aydınlaşdırmaq üçün evə gələn bacısını da təhqir edərək qovub.
Zərərçəkmiş hadisədən 2-3 gün sonra polisə müraciət edib. Saxlanılan Əlizamin məhkəmədə özünü qismən təqsirli bilib. O, həyat yoldaşına yalnız bir şillə vurduğunu, başqa xəsarət yetirmədiyini iddia edib.
Qadın məhkəmədən ərinin onun adına götürdüyü 8 min manatlıq kredit borcunu ödəməsini, bu mümkün olmadıqda isə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə Əlizamin Əliyev 300 saat ictimai işlər cəzasına məhkum edilib.

