“Giya Sverdlovski”yə 8 il HƏBS CƏZASI VERİLDİ – Rövşən Lənkəranskinin qan düşməni ilə bağlı QƏRAR!

“Giya Sverdlovski”yə 8 il HƏBS CƏZASI VERİLDİ – Rövşən Lənkəranskinin qan düşməni ilə bağlı QƏRAR!

Rusiyada kriminal aləmin tanınmış simalarından biri, “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyev barəsində məhkəmə hökmü çıxarılıb.

Veten.Az xəbər verir ki, Sverdlovsk Vilayət Məhkəməsi Akoyevi cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli bilərək 8 il müddətinə xüsusi rejimli həbs cəzasına məhkum edib. O, həmçinin 1,5 milyon rubl məbləğində cərimələnib.

Dövlət ittihamçısı Akoyev üçün 13 il həbs cəzası tələb etsə də, məhkəmə daha yüngül cəza təyin edib.

İstintaq materiallarına əsasən, Akoyev 2008-ci ilin noyabrında həbsdə olduğu müddətdə “qanuni oğru” statusu alıb. Onun bu statusa kriminal aləmin nüfuzlu simalarından olan Aslan Usoyanın (“Ded Xasan”) qardaşı oğlu Timur Mirzoyevin himayəsi ilə yüksəldiyi bildirilir.

İttihama görə, “Giya Sverdlovski” kriminal aləmin ümumi pul fonduna – “obşak”a nəzarət edib, cinayətkar qruplar arasındakı münaqişələrin həllində iştirak edib və kriminal ənənələri təbliğ edib.

Qeyd edək ki, Akoyev 2025-ci ilin oktyabrında saxlanılıb. Onun evində və ofisində aparılan axtarışlar zamanı bəzəkli xəncər və katana qılıncı aşkarlanaraq götürülüb.

Məhkəmədə təqsirini qəbul etməyən Akoyev hökmü sakit qarşılayıb. Hakimin qərarı anlayıb-anlamadığı barədə sualına isə “Bəli, möhtərəm hakim, təəssüf ki, anladım” cavabını verib. Hökm elan edilərkən onun həyat yoldaşının göz yaşlarını saxlaya bilmədiyi bildirilir.

Xatırladaq ki, “Giya Sverdlovski” mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskini “Ded Xasan”ın ölümünə görə özünün qan düşməni elan etmişdi. Bu səbəbdən Akoyev barəsində çıxarılan hökm kriminal aləmlə bağlı diqqətçəkən hadisələrdən biri kimi gündəmə gəlib.