Baba Vanqaya aid edilən yeni proqnozlar dünya mediasında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 2027-ci illə bağlı yayılan iddialar arasında qlobal maliyyə böhranı, qızılın bahalaşması, Rusiyada mümkün hakimiyyət dəyişikliyi və insanlarda qeyri-adi qabiliyyətlərin yaranması kimi məqamlar yer alır.
Veten.Az xəbər verir ki, bolqarıstanlı görücü Baba Vanqanın adı ilə yayılan 2027-ci il proqnozları yenidən gündəmə gəlib. Xüsusilə dünya iqtisadiyyatı və siyasi proseslərlə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirə olunur.
İddialara görə, 2027-ci ildə dünyanı ciddi maliyyə çətinlikləri gözləyə bilər. Belə bir ssenaridə ənənəvi bank sisteminə inamın azalacağı, nağd pul çatışmazlığının yaranacağı və investorların qızıla üz tutacağı bildirilir.
Qızılın qiyməti 40 faizədək arta bilər?
Vanqaya aid edilən ən çox diqqət çəkən proqnozlardan biri qızıl bazarı ilə bağlıdır. İnternetdə yayılan məlumatlarda 2027-ci ildə qlobal maliyyə böhranı fonunda qızılın qiymətinin 25-40 faiz arasında arta biləcəyi iddia olunur.
Bu ssenariyə əsasən, investorların iqtisadi qeyri-müəyyənlikdən qorunmaq üçün qızıl alışına üstünlük verəcəyi ehtimal edilir. Bununla belə, sözügedən rəqəmlərin Vanqaya məxsus olduğunu təsdiqləyən etibarlı ilkin mənbə yoxdur.
İnsanlarda qeyri-adi qabiliyyətlər yaranacaq?
2027-ci illə bağlı yayılan digər iddia isə daha qeyri-adidir.
Belə ki, Vanqaya aid edilən proqnozlarda naməlum xəstəlik və ya genetik təcrübələr nəticəsində bəzi insanlarda indiyədək müşahidə edilməyən qabiliyyətlərin meydana çıxacağı irəli sürülür.
İddialarda bu hadisənin genetik dəyişikliklərlə əlaqəli ola biləcəyi bildirilir. Lakin insanlarda bu cür qeyri-adi qabiliyyətlər yaradan xəstəliyin mövcudluğuna dair heç bir elmi sübut yoxdur.
Rusiyada hakimiyyət dəyişikliyi olacaq?
Vanqaya aid edilən siyahılarda Rusiyanın siyasi gələcəyi ilə bağlı da diqqətçəkən iddia yer alır.
İnternetdə yayılan məlumatlara əsasən, Rusiyada uzun müddətdir hakimiyyətdə olan liderin 2027-ci ilin əvvəlinə qədər vəzifəsini tərk edə biləcəyi irəli sürülür.
Bu iddia da təsdiqlənmiş proqnoz və ya etibarlı tarixi mənbə ilə əsaslandırılmayıb.
2028-ci ildə yeni enerji mənbəyi?
Vanqaya aid edilən digər iddialarda 2028-ci ildə yeni enerji mənbəyinin yaradılacağı, xüsusilə nüvə sintezi texnologiyasında mühüm irəliləyişlərin baş verəcəyi bildirilir. Bəzi şərhlərdə bu istiqamətdə ilkin addımların 2027-ci ildə atılacağı qeyd olunur.
Vanqa həqiqətən bunları deyib?
Bütün bu iddialarla bağlı mühüm bir məqam var. Baba Vanqa 1911-ci ildə anadan olub və 1996-cı ildə vəfat edib. Onun gələcəklə bağlı proqnozlarının təsdiqlənmiş, vahid yazılı arxivi mövcud deyil.
Vanqaya aid edilən bir çox fikirlər onun yaxınlarının, davamçılarının və müxtəlif media qurumlarının sonradan yaydığı məlumatlara əsaslanır. Buna görə də 2027-ci illə bağlı sadalanan iddiaların həqiqətən Vanqa tərəfindən səsləndirildiyini təsdiqləmək mümkün deyil.
Beləliklə, 2027-ci illə bağlı qızılın bahalaşması, Rusiyada siyasi dəyişiklik və sirli xəstəlik barədə yayılan məlumatlar hələlik təsdiqlənməmiş iddialar olaraq qalır.

