Tanınmış müğənninin keçmiş həyat yoldaşı vətəndaşın 5 min manatını mənimsəməkdə ittiham olunur!
Adını açıqlamaq istəmədiyimiz tanınmış müğənninin keçmiş nişanlısı olduğu bildirilən Eşqin adlı şəxs TikTok platformasında canlı yayımlar açaraq Dubaydan Azərbaycana avtomobil ehtiyat hissələri göndərdiyini reklam edirmiş.
Veten.Az xəbər verir ki, Masazır sakini Sahibin iddiasına görə, o da bu reklamlara inanaraq Eşqinlə əlaqə saxlayıb və əzilmiş «Lexus» markalı avtomobili üçün ehtiyat hissələri sifariş edib.
Ehtiyat hissələrinin ümumi dəyəri 12 min manat hesablanıb. Razılaşmaya əsasən, Sahibdən əvvəlcədən 5 min manat ödəniş istənilib, qalan 7 min manatın isə mallar təhvil verilərkən ödəniləcəyi bildirilib. Sahib razılaşaraq 5 min manat pul köçürüb.
Lakin 2025-ci ilin aprel ayından bu günədək nə sifariş edilən ehtiyat hissələri gəlib çatıb, nə də ödənilən 5 min manat geri qaytarılıb. Sahibin sözlərinə görə, hər dəfə əlaqə saxladıqda müxtəlif bəhanələrlə qarşılaşıb. Pulunu geri tələb etdikdə isə Eşqin məbləği hissə-hissə qaytaracağını bildirib.
İddialara görə, artıq il yarımdır ki, Sahib «bu gün göndərirəm, sabah göndərirəm» vədləri ilə gözlədilir.
Bəs sual yaranır: Dubaydan göndəriləcəyi deyilən ehtiyat hissələri haradadır? 5 min manat hansı səbəbdən geri qaytarılmır? Sosial şəbəkələrdə verilən vədlərə görə kim məsuliyyət daşıyır?

