8 Noyabr – Zəfər Günü münasibətilə Bərdə rayonunda təntənəli konsert proqramı təşkil olunub.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər.
Konsert proqramı Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir boyunca Zəfər Gününün tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlıq salnaməsini, milli birlik və həmrəyliyini tərənnüm edən müxtəlif musiqi nömrələri təqdim olunub. İfa olunan vətənpərvərlik ruhlu mahnılar, musiqi və səhnə çıxışları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, milli qürur, dövlətçilik iradəsi və qəhrəmanlıq rəmzinə çevrilmiş əlamətdar gündür.
Bu möhtəşəm Zəfər bizə şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun gücü bahasına bəxş olunub.
Zəfərimiz əbədi, dövlətimiz daim, üçrəngli bayrağımız hər zaman yüksəklərdə olsun!

