8 noyabr tarixində Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi ərazilərdə intensiv yağış, şimşək və dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Veten.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır.
Havanın temperaturu gecə 7-12°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Rayonlarda hava şəraiti
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə isə arabir duman müşahidə olunacağı bildirilir.
Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11°, gündüz 14-17° isti olacaq. Dağlıq ərazilərdə gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 2-6° isti təşkil edəcək.

