Veten.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatında, San-Dieqo yaxınlığındakı Interstate 5 avtomobil yolunda baş verib.
Banklar arasında pul daşınmasını həyata keçirən zirehli avtomobilin qapısı hərəkət zamanı qəfil açılıb. Nəticədə içərisində nağd pul olan kisələr yola düşərək dağılıb. Pullar küləyin təsiri ilə magistralın müxtəlif zolaqlarına səpələnib.
Hadisəni görən sürücülər avtomobillərini yolun ortasında saxlayaraq pulları toplamağa başlayıblar. Qısa müddət ərzində magistralda ciddi tıxac yaranıb. Bəzi şəxslər topladıqları pulları havaya ataraq həmin anları sosial şəbəkələrdə canlı yayımlayıblar.
Hadisə yerinə gələn Kaliforniya Yol Patrulu və Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ərazini nəzarətə götürüblər. Hüquq-mühafizə orqanları yerə səpələnən pulların sahibsiz olmadığını, onları götürməyin isə hüquqi məsuliyyət yaratdığını bildiriblər.
Polis sosial şəbəkələrdə yayılan görüntüləri, telefon qeydlərini və avtomobillərin dövlət nömrə nişanlarını araşdırmağa başlayıb. Pulları geri qaytarmayan, üstəlik, topladıqları pulları sosial şəbəkələrdə nümayiş etdirən şəxslərin müəyyən edilərək saxlanıldığı və həbs edildiyi bildirilir.

