Kürdəmir rayonunda kişi həyat yoldaşını mobil telefonla döyərək ona xəsarətlər yetirib.
Veten.Az xəbər verir ki, hadisə rayonun şəhər ərazisində baş verib.
Məlumata görə, 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə həyat yoldaşının ondan icazəsiz tikinti materialları satışı mərkəzinə getməsinə görə onunla mübahisə edib. Mübahisə zamanı kişi əlindəki mobil telefonla qadının sifət və sinə nahiyəsinə bir neçə dəfə zərbə endirərək ona xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşı ilə münasibətlərinin spirtli içki aludəçiliyi səbəbindən pisləşdiyini bildirib. O, törətdiyi əməldən peşman olduğunu deyib.
Zərərçəkmiş qadın isə ərinin spirtli içkidən uzaq duracağı təqdirdə onu bağışlayacağını və şikayətçi olmayacağını bildirib.
Məhkəmənin hökmü ilə Cəfər İmanov 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

