Bərdə məktəbinin şagirdləri Peşə Təhsil Mərkəzində təcrübə səfərində olublar
Bərdə şəhər Şəhid Səfiyar Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-P sinfində Peşə Təmayüllü Siniflər layihəsi çərçivəsində təhsil alan şagirdlər Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə təcrübə səfəri ediblər.
Səfərdə Kompüter operatoru və Dərzi köməkçisi ixtisasları üzrə təhsil alan şagirdlərlə yanaşı, Kompüter operatoru müəllimi Mustafa Həsənov, Dərzi köməkçisi müəllimi Sədaqət Nəbiyeva və qrup rəhbəri Fidan Vəliyeva da iştirak ediblər.
Təcrübə səfəri zamanı şagirdlər seçdikləri ixtisaslar üzrə istifadə olunan avadanlıq və dəzgahlarla yaxından tanış olub, onların iş prinsipləri haqqında ətraflı məlumat əldə ediblər. Eyni zamanda, onlara müvafiq ixtisaslar üzrə praktiki bilik və bacarıqların inkişaf etdirilməsinin əhəmiyyəti barədə məlumat verilib.
Görüş zamanı Peşə Təmayüllü Siniflər layihəsi çərçivəsində təhsil almağın üstünlükləri, şagirdlərin gələcək peşə seçimində düzgün istiqamətləndirilməsinin vacibliyi və əmək bazarında peşə bacarıqlarının rolu diqqətə çatdırılıb.
Belə təcrübə səfərləri şagirdlərin nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirməsinə, müxtəlif peşələrə marağının artırılmasına və gələcək karyera seçimlərini daha düzgün müəyyənləşdirməsinə töhfə verir.
Səfərin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Vətən.Az xəbər verir ki, bu cür maarifləndirici görüşlər şagirdlərin peşə təhsilinə marağının artırılması, onların praktiki biliklərinin genişləndirilməsi və gələcək əmək fəaliyyətinə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.












































