Fatma Yıldırım: Azərbaycan–Laos münasibətlərinin inkişafı yeni əməkdaşlıq imkanları yaradır
Milli Məclisin deputatı Fatma Yıldırım Veten.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatın əhəmiyyətini vurğulayıb.
Deputat bildirib ki, dövlətimizin başçısının bəyanatı Azərbaycanın müstəqil, praqmatik və çoxşaxəli xarici siyasət strategiyasının növbəti təzahürüdür. Səfər Azərbaycan ilə Laos arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın daha da gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, müxtəlif regionları təmsil edən dövlətlərlə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə də xidmət edir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyur.
Deputatın sözlərinə görə, dövlət başçımızın bəyanatında vurğulandığı kimi, Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik münasibətlər siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik ənənələri ilə səciyyələnir. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının fəaliyyət göstərməsi və hakim partiyalar arasında əməkdaşlığın mövcudluğu əlaqələrin müxtəlif istiqamətlərdə ardıcıl şəkildə genişləndiyini göstərir. İkitərəfli münasibətlərin inkişafında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının reallaşdırılması da mühüm yer tutur.
Fatma Yıldırım təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin də gələcəyə hesablanmış mühüm istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud tarixi əlaqələrin və humanitar əməkdaşlıq ənənələrinin göstəricisidir. Bu ənənənin bərpası, təqaüd imkanlarının yaradılması və tələbə mübadiləsinin genişləndirilməsi gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Deputat bəyanatda diqqət çəkən məsələlərdən birinin də mina təhlükəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq perspektivləri olduğunu qeyd edib. Bildirib ki, həm Azərbaycanın, həm də Laosun müharibələrdən miras qalmış mina problemi insan həyatı və sağlamlığı üçün ciddi təhlükə olaraq qalır. Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində basdırılmış minaların yaratdığı ağır humanitar nəticələr ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsini şərtləndirir. Təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması istiqamətində birgə fəaliyyət mina təhlükəsinin azaldılmasına xidmət edə bilər.
Fatma Yıldırım əminliklə qeyd edib ki, Azərbaycan ilə Laos arasında münasibətlərin inkişafı qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq modelinin uğurlu nümunəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir, yeni iqtisadi və humanitar əməkdaşlıq imkanları yaradır, ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Deputat bildirib ki, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı əldə olunan razılaşmalar və müəyyənləşdirilən prioritetlər gələcəkdə konkret layihələrlə zənginləşəcək, dost ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.











































