Deputatdan məktəblərdə geyim qaydaları ilə bağlı AÇIQLAMA: “Məktəb dini eksperiment yeri deyil”
Məktəblərdə müəllim və şagirdlərin geyimi ilə bağlı tələblər yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Azər Badamov bu qaydaların milli-mənəvi dəyərlərin qorunması, dünyəvi təhsil prinsiplərinin möhkəmləndirilməsi və məktəblərdə vahid mühitin yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Veten.Az xəbər verir ki, deputat Nazirlər Kabinetinin müəllim və şagirdlərin geyimi ilə bağlı qərarlarını şərh edərkən milli kimliyin, ailə institutunun və vətənpərvərlik ruhunun qorunmasının vacibliyini qeyd edib.
Azər Badamov bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, ailə modeli, milli təəssübkeşlik və vətənpərvərlik cəmiyyətin ideoloji əsaslarını təşkil edir. Onun sözlərinə görə, bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Deputat məktəblərdə dini və ideoloji təsirlərdən danışdı
Deputatın fikrincə, Azərbaycan dünyəvi dövlət olduğundan təhsil sistemi də bu prinsipə uyğun fəaliyyət göstərməlidir. O bildirib ki, məktəb yalnız bilik və bacarıqların öyrədildiyi yer deyil, eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, milli kimliyinin və dünyagörüşünün inkişaf etdiyi mühüm ictimai institutdur.
Azər Badamov hesab edir ki, təhsil mühitində müxtəlif dini və ideoloji təsirlərin ön plana çıxarılması uşaqların dünyagörüşünün formalaşmasına və tədris prosesinə mənfi təsir göstərə bilər.
Deputat müəllim və şagirdlərin geyimi ilə bağlı qaydaların məktəblərdə intizamın, bərabərliyin və vahid təhsil mühitinin qorunmasına xidmət etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu tələblər şagirdlərin geyimlərinə görə fərqləndirilməsinin qarşısının alınması baxımından da əhəmiyyətlidir.
“Məktəb dini eksperiment yeri deyil”
Azər Badamov bildirib ki, məktəblərdə əsas diqqət təhsilin keyfiyyətinə, uşaqların elmi biliklərə yiyələnməsinə, milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişməsinə yönəldilməlidir.
Deputat qeyd edib ki, milli dəyərlərə bağlılıqla dünyəvilik bir-birinə zidd anlayışlar deyil. Onun fikrincə, milli kimliyini qoruyan, qanunlara hörmət edən və müasir biliklərə yiyələnən gəncliyin yetişdirilməsi Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
O, geyim qaydalarının tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının, valideynlərin və məktəb rəhbərliklərinin məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyini də diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, qaydaların mahiyyəti cəmiyyətə düzgün izah edilməli, süni qarşıdurmanın yaranmasına imkan verilməməlidir. Əsas məqsəd uşaqların hüquqlarını və sağlam inkişafını qorumaq, dünyəvi təhsil prinsiplərini möhkəmləndirmək və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişən vətənpərvər nəsil formalaşdırmaqdır.











































