Bərdədə doğuşdan üç gün sonra əməliyyat edilən və həyatını itirən qadının ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İş üzrə təqsirləndirilən Bərdə Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevə hökm oxunub.
Veten.Az xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib. Evə buraxıldıqdan sonra səhhəti pisləşən qadın yenidən xəstəxanaya müraciət edib.
Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti cərrahi müdaxilədən sonra ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının ölümü ilə bağlı cinayət işi başlanıb. Zaur Əliyevə ilkin olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə — səhlənkarlığın ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı ittiham irəli sürülüb.
Məhkəmə istintaqı zamanı əməlin hüquqi tövsifi dəyişdirilərək Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə — tibbi xidmətin göstərilməsi qaydalarını pozma və bunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması maddəsinə uyğunlaşdırılıb.
Qeyd edək ki, Zaur Əliyev bundan əvvəl də Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib. Həmin iş üzrə qazancının 20 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib. Məlumata görə, əvvəlki məhkumluğu ödənilib.











































