Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ilə bağlı açıqlama verib.
Veten.Az xəbər verir ki, millət vəkili açıqlamasında Prezident İlham Əliyevin çıxışının Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin hansı səviyyəyə yüksəldiyini bir daha aydın şəkildə göstərdiyini bildirib.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması mühüm siyasi hadisədir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri ilə münasibətlərində yüksək etimadın və qarşılıqlı hörmətin formalaşdığını göstərir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasətin mühüm nəticələrindən biridir.
Deputat vurğulayıb ki, bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika və digər sahələrdə əməkdaşlıq sürətlə genişlənir. Ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Mərkəzi Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən artıq şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın artıq real iqtisadi nəticələr verdiyini təsdiqləyir.
Millət vəkili xüsusilə investisiya sahəsində görülən işlərin əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdığını bildirən Fatma Yıldırım qeyd edib ki, bu fondların imkanlarından səmərəli istifadə olunması yeni istehsal müəssisələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi və sənaye əməkdaşlığının genişləndirilməsi üçün ciddi imkanlar yaradır.
Fatma Yıldırım Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində nəqliyyat və logistika istiqamətinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı bu baxımdan mühüm strateji əhəmiyyətə malikdir. Azərbaycan həm Xəzər dənizi üzərindən keçən marşrutun əsas halqalarından biri, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağıdır. Son illərdə ölkəmizdə yaradılmış müasir avtomobil yolları, dəmir yolları, liman və logistika infrastrukturu Azərbaycanın bu prosesdəki rolunu daha da gücləndirib.
Deputat energetika sahəsində əməkdaşlığın da strateji xarakter daşıdığını bildirib. O qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən neftin Azərbaycan ərazisi ilə dünya bazarlarına çıxarılması, eyni zamanda, Qazaxıstan və Özbəkistanla yaşıl enerji və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional enerji təhlükəsizliyində rolunu artırır.
Millət vəkili Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdiyi dəstəyi də xüsusi vurğulayıb. O bildirib ki, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikməsi Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Fatma Yıldırımın sözlərinə görə, bu layihələr təkcə tikinti və infrastruktur təşəbbüsləri deyil, həm də Azərbaycanla Mərkəzi Asiya xalqları arasında tarixi, mənəvi və qardaşlıq bağlarının konkret ifadəsidir. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkələrin iştirakı xalqlarımız arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm göstəricisidir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında regional əməkdaşlığın inkişafı üçün əsas şərtlərdən birinin sülh və təhlükəsizliyin təmin olunması olduğu bir daha vurğulanıb. Azərbaycan bütün bu proseslərdə sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir.
Onun fikrincə, bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin şahidiyik. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın konkret iqtisadi, nəqliyyat, enerji və humanitar layihələrlə tamamlanmasıdır.
Fatma Yıldırım vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm tərəfdaş və etibarlı tranzit ölkə kimi öz mövqeyini daha da möhkəmləndirib.
Millət vəkili hesab edir ki, qarşıdakı dövrdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq daha da genişlənəcək. Bu münasibətlər yalnız ölkələrimizin iqtisadi və siyasi maraqlarına deyil, bütövlükdə regionda sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək.











































