Şamaxıda şadlıq sarayında saxtalaşdırma əlamətləri olan 72 şüşə araq aşkarlanıb
Şamaxı şəhərində fəaliyyət göstərən şadlıq sarayında saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Veten.Az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı-Qazax yolu, ev 120 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçiriblər.
Yoxlama zamanı obyektdə hər biri 0,7 litr olmaqla, ümumilikdə 72 ədəd “Sobranie” əmtəə nişanlı araq məhsulunda saxtalaşdırma əlamətləri müəyyən edilib. Həmin məhsulların istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Bununla yanaşı, şadlıq sarayında normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, şübhəli məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Laborator müayinələrin nəticələri məhsulların təhlükəsizliyi və uyğunluğu barədə əlavə məlumat verə bilər.











































