Milli Məclisin deputatı Fatma Yıldırım Bakı İqlim Həftəsi ilə bağlı paylaşım edib.
Veten.Az xəbər verir ki, deputat paylaşımında Bakının yenidən qlobal iqlim gündəliyinin mühüm mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Fatma Yıldırım qeyd edib ki, sentyabrın 7-dən 11-dək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi ilə üçüncü Bakı İqlim Fəaliyyəti Həftəsinin paralel keçirilməsi Azərbaycanın COP29-dan sonra üzərinə götürdüyü məsuliyyətləri ardıcıl şəkildə davam etdirdiyini göstərir.
Deputatın sözlərinə görə, tədbirin əhəmiyyətini yalnız Bakıda növbəti beynəlxalq toplantının keçirilməsi ilə məhdudlaşdırmaq olmaz. İqlim Həftəsinin əsas məqsədlərindən biri qlobal səviyyədə qəbul edilmiş iqlim öhdəliklərinin real fəaliyyətə və ölçülə bilən nəticələrə çevrilməsinə imkan verən əməkdaşlıq mexanizmlərini gücləndirməkdir.
Fatma Yıldırım bildirib ki, BMT-nin İqlim Həftəsi çərçivəsində keçirilən İcra Forumu hökumətləri, biznesi, şəhərləri, vətəndaş cəmiyyətini, akademik dairələri və gəncləri vahid müzakirə platformasında bir araya gətirir.
Paylaşımda Bakı İqlim Həftəsində müzakirə olunan əsas məsələlərə də diqqət çəkilib. Yaşıl enerji, enerji keçidi, iqlim maliyyələşməsi, sənayenin karbonsuzlaşdırılması, iqlimə davamlı şəhərlər, kənd təsərrüfatı, ərzaq sistemləri, Xəzər dənizinin dayanıqlılığı, süni intellekt və erkən xəbərdarlıq sistemləri tədbirin əsas gündəm mövzuları sırasında yer alır.
Deputat xüsusilə Xəzər dənizində müşahidə olunan dəyişikliklərin iqlim məsələsinin Azərbaycan üçün nə qədər aktual olduğunu göstərdiyini qeyd edib.
“İqlim dəyişmələri artıq gələcəyin problemi kimi deyil, bu gün iqtisadiyyatımıza, şəhərlərimizə, kənd təsərrüfatımıza və təbii ehtiyatlarımıza təsir edən məsələ kimi qiymətləndirilməlidir”, – deyə Fatma Yıldırım vurğulayıb.
O bildirib ki, Azərbaycanın bu prosesdə mövqeyi COP29-un yaratdığı siyasi və institusional irsin davam etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Fatma Yıldırımın sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsinin bu il ilk dəfə BMT-nin Regional İqlim Həftəsi ilə paralel keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyində təşəbbüskar və əlaqələndirici rolunu daha da gücləndirir.
Deputat Azərbaycanın bərpa olunan enerji potensialının genişləndirilməsi, yaşıl enerji layihələri və regional əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasətin də bu gündəliyin praktiki əsaslarını formalaşdırdığını bildirib.
Fatma Yıldırım hesab edir ki, Bakı İqlim Həftəsinin ən mühüm nəticəsi iqlim məsələləri ilə bağlı müxtəlif baxışların səsləndirilməsi ilə yanaşı, konkret əməkdaşlıq və icra imkanlarının genişləndirilməsi olmalıdır.
“Azərbaycan COP29-la qlobal iqlim diplomatiyasının mühüm platformalarından birinə çevrilən Bakını indi də real həllərin, regional tərəfdaşlığın və davamlı inkişaf təşəbbüslərinin müzakirə olunduğu məkana çevirir”, – deyə deputat qeyd edib.
Onun fikrincə, bu proses Azərbaycanın milli maraqları, ekoloji təhlükəsizliyi və gələcək nəsillər qarşısında məsuliyyəti baxımından xüsusi əhəmiyyət daşıyır.













