Milli Məclisin deputatı Fatma Yıldırım Veten.Az-a açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyəti, əldə olunmuş razılaşmaların icrası və regionda davamlı sülhün təmin olunması istiqamətində atılmalı olan addımlarla bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, Ermənistan sülh prosesinin sürətləndirilməsi istiqamətində daha konkret addımlar atmalıdır. Sülhə hazır olmaq barədə bəyanatlar mühüm olsa da, onların real siyasi qərarlarla dəstəklənməsi daha böyük əhəmiyyət daşıyır.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bu baxımdan, Ermənistanın da üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsi və prosesin yekunlaşması üçün siyasi iradə nümayiş etdirməsi vacibdir.
Deputat Nikol Paşinyanın sülh sazişinin 2031-ci ilədək imzalanması və ratifikasiya olunması ilə bağlı fikirlərinin prosesin zaman çərçivəsi barədə müəyyən suallar yaratdığını vurğulayıb. Onun sözlərinə görə, regionun və xalqların maraqları sülhün mümkün qədər tez və davamlı şəkildə təmin olunmasını tələb edir. Buna görə də prosesin uzadılmasına səbəb ola biləcək qeyri-müəyyənliklər aradan qaldırılmalıdır.
Fatma Yıldırım bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətninin paraflanması, həmçinin Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması mühüm siyasi addım olub. Deputat qeyd edib ki, indi əsas məsələ əldə edilmiş razılaşmaların ruhuna uyğun olaraq növbəti addımların atılması və sülh sazişinin imzalanması üçün zəruri prosedurların tamamlanmasıdır.
Deputat Azərbaycanın mövqeyinin prinsipial və aydın olduğunu diqqətə çatdırıb. O bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəaların aradan qaldırılması sülhün davamlı hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm məsələdir. Bu istiqamətdə atılacaq addımlar qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edə bilər.
Fatma Yıldırım vurğulayıb ki, Cənubi Qafqazda yeni mərhələnin başlanması hər iki tərəfin məsuliyyətli və konstruktiv yanaşmasından asılıdır. Azərbaycan öz tərəfindən sülh və əməkdaşlıq gündəliyinə sadiqdir. Ermənistanın da bu prosesə konkret qərarlarla töhfə verməsi regionun ümumi maraqlarına cavab verir.
Deputat fikirlərini yekunlaşdıraraq qeyd edib ki, sülh üçün imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Bunun yolu qarşılıqlı etimaddan, əldə olunmuş razılaşmaların icrasından və real siyasi iradədən keçir.











































