25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın müasir tarixində milli iradənin, qəhrəmanlığın və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi xüsusi yer tutur. 2020-ci ildə Vətən müharibəsi zamanı Qubadlı rayonunun işğaldan azad edilməsi Azərbaycanın şanlı Zəfər yürüşündə mühüm mərhələ oldu.
Veten.Az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun 25 Oktyabr – Qubadlı Şəhəri Günü ilə bağlı məqaləsində bildirilib.
Məqalədə qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar tarix Azərbaycan xalqının torpaq həsrətinə son qoyulmasının, milli birliyin və sarsılmaz iradənin təntənəsini özündə ehtiva edir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişatında mühüm əhəmiyyət daşıyıb. Qubadlı əməliyyatından sonra Laçın istiqamətində irəliləyiş üçün imkanlar genişlənib, Laçının cənub hissəsində yerləşən kəndlər azad edilib və Laçın dəhlizi nəzarətə götürülüb. Bu uğurlar Azərbaycanın hərbi üstünlüyünü daha da möhkəmləndirib və düşmənin müqavimət imkanlarını zəiflədib.
Məqalədə vurğulanıb ki, Qubadlının azad edilməsindən sonra Azərbaycan Ordusu Zəfər yürüşünü qətiyyətlə davam etdirib. Noyabrın 8-də Şuşanın azad olunması ilə tarixi Qələbənin əsas mərhələlərindən biri tamamlanıb.
Elmar Əhmədov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin Böyük Qayıdış prosesinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Bildirilib ki, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması, yaşayış məntəqələrinin yenidən qurulması və bölgənin əvvəlki iqtisadi həyatının bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Məqalədə Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər də xatırladılıb. Dövlət başçısı həmin günün Azərbaycanın tarixində əbədi yaşayacaq əlamətdar tarix olduğunu vurğulayaraq Qubadlının azad edilməsinin xalqımız üçün böyük tarixi əhəmiyyət daşıdığını bildirib.
Qubadlı rayonunun zəngin təbii sərvətləri və iqtisadi potensialı da məqalədə xüsusi qeyd olunub. Bildirilib ki, işğaldan əvvəl rayonda taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş yayılıb. Rayonun torpaqları əkinçilik və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli imkanlara malikdir.
Ümumi torpaq fondu 79 min 812 hektar olan Qubadlı rayonunda əkin sahələri, örüş-otlaqlar, meşələr, bağlar və üzümlüklər mühüm yer tutur. Bərgüşad və Həkəri çayları, eləcə də onların qolları rayonun təbii zənginliyini artırır. Ərazidə mişar daşı, yəşəm, mərmərləşmiş əhəng daşı, tuf daşı, qum-gil və əqiq yataqlarının mövcudluğu bölgənin iqtisadi inkişaf perspektivlərini genişləndirir.
Müəllifin fikrincə, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyənləşdirilən hədəflər də regionların potensialının reallaşdırılmasına, iqtisadi fəallığın artırılmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, infrastruktur yenilənir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur.
Elmar Əhmədov məqaləsində vurğulayıb ki, 25 Oktyabr yalnız Qubadlının azad edildiyi gün deyil, həm də Azərbaycanın yenilməzliyinin, dövlət-xalq-ordu birliyinin və tarixi ədalətin bərpasının təcəssümüdür. Bu əlamətdar gün gələcək nəsillər üçün milli qürur və vətənpərvərlik nümunəsi olaraq yaşayacaq.










































