Bakıda qayınata gəlinini yumruqladı: Mübahisənin səbəbi soyuducu olub
Bakıda qayınata ilə gəlin arasında soyuducu üstündə yaranan mübahisə zorakılıqla nəticələnib. Məhkəmə isə cinayət işinə xitam verərək yaşlı kişini məsuliyyətdən azad edib.
Veten.Az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Məlumata görə, 65 yaşlı Hüseyn Quliyev (şərti ad) yaşadıqları evin dəhlizində mübahisə zamanı gəlini Fatmanın (şərti ad) çiyin və qol nahiyələrinə bir neçə dəfə yumruqla zərbə endirib. Zərbələr nəticəsində qadın yerə yıxılıb.
Zərərçəkənin şikayəti əsasında Hüseyn Quliyev barəsində cinayət işi başlanıb.
Mübahisəyə soyuducu səbəb olub
Təqsirləndirilən şəxs ifadəsində hadisənin ailə üzvləri arasında əşyaların daşınması zamanı baş verdiyini bildirib.
Onun sözlərinə görə, əvvəllər oğlu və ailəsi ilə eyni evdə yaşayıblar. Daha sonra oğlu qonşuluqda torpaq alaraq ev tikib və ailəsi ilə birlikdə yeni evə köçüb. Köç zamanı gəlin Fatma da əşyalarını həmin evə aparıb.
Hüseyn Quliyev əşyaların daşınması zamanı gəlininin digər gəlini ilə mübahisə etdiyini eşitdiyini deyib. Mübahisənin səbəbini soruşduqda Fatma soyuducunun əri tərəfindən alındığını və onu da özü ilə aparmaq istədiyini bildirib.
Qayınata isə evdə başqa soyuducunun olduğunu əsas gətirərək həmin əşyanın əvvəlki evdə qalmasını istəyib. Tərəflər arasında sözlü mübahisə qızışıb və gəlinin işlətdiyi sərt ifadələrdən sonra Hüseyn Quliyev ona yumruqla zərbələr endirib.
Qadın sonradan şikayətindən imtina edib
Təqsirləndirilən şəxs hazırda gəlini ilə barışdığını bildirib.
Zərərçəkən qadın isə hadisədən sonra qayınatasının ondan üzr istəyəcəyini gözlədiyini deyib. Onun sözlərinə görə, Hüseyn Quliyev üzr istəmədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət edib.
Fatma sonradan qayınatasına qarşı şikayətçi olmadığını bildirib.
Məhkəmənin qərarı
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Hüseyn Quliyev cinayət məsuliyyətindən azad olunub.
Beləliklə, ailə daxilində soyuducu üstündə başlayan mübahisə fiziki zorakılıqla nəticələnsə də, zərərçəkənin sonradan şikayətçi olmaması fonunda iş üzrə icraata xitam verilib.











































