Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı qadın 3 aylıq oğlunun ölümünə səbəb olmaqda şübhəli bilinir.
Veten.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 5-də Ujur şəhərində qeydə alınıb.
İlkin məlumata görə, gənc qadın valideynləri və azyaşlı övladı ilə birlikdə yaşayırmış. Hadisə baş verən gün səhər saatlarında o, körpə ilə evdə tək qalıb. Ağlayan uşağı sakitləşdirməyə çalışarkən ehtiyatsız və sərt hərəkətləri nəticəsində körpə ağır xəsarət alıb və həyatını itirib.
İstintaqın məlumatına əsasən, qadın dindirilmə zamanı oğluna əmzik vermək istədiyini, lakin tətbiq etdiyi gücü düzgün hesablamadığını bildirib.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən azyaşlının ölümü ilə əlaqədar qətl maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.
Hadisənin bütün hallarının araşdırılması məqsədilə qadın barəsində məhkəmə-psixiatrik ekspertiza da təyin edilib.























