Bərdədə elektrik kəsintiləri gündəlik problemə çevrilib
Bərdə şəhəri və rayonun bir sıra kəndlərində son günlər müşahidə olunan elektrik enerjisi kəsintiləri sakinlərin narazılığına səbəb olub. Gün ərzində müxtəlif saatlarda, xüsusilə günorta vaxtı heç bir külək, yağış və ya digər təbii hadisə baş vermədiyi halda elektrik enerjisinin dəfələrlə kəsilib-bərpa olunması vətəndaşlar tərəfindən narahatlıqla qarşılanır.
Veten.Az-a daxil olan müraciətlərdə bildirilir ki, elektrik enerjisi bəzən qısa fasilələrlə gün ərzində bir neçə dəfə kəsilir və yenidən bərpa olunur. Sakinlərin sözlərinə görə, bu vəziyyət həm gündəlik məişətə, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin işinə mənfi təsir göstərir.
İsti yay günlərində elektrik enerjisinin tez-tez kəsilməsi kondisioner, soyuducu və digər elektrik avadanlıqlarının fəaliyyətini dayandırır, internet və rabitə xidmətlərində problemlər yaradır. Bundan əlavə, elektrik enerjisinin ardıcıl şəkildə kəsilib-bərpa olunmasının gərginlik dəyişikliklərinə səbəb olduğu, bunun isə məişət texnikası və elektron avadanlıqların sıradan çıxması riskini artırdığı bildirilir.
Sakinlər hesab edirlər ki, əgər elektrik şəbəkəsində planlı təmir və ya profilaktik işlər aparılırsa, bununla bağlı əvvəlcədən rəsmi məlumat verilməli, kəsintilərin səbəbi və müddəti ictimaiyyətə açıqlanmalıdır. Əks halda, gün ərzində təkrarlanan elektrik kəsintiləri xidmətin keyfiyyəti ilə bağlı haqlı suallar yaradır.
Veten.Az olaraq mövzu ilə bağlı aidiyyəti qurumun mövqeyini dərc etməyə hazır olduğumuzu bildirir və ümid edirik ki, sakinlərin narahatlığına səbəb olan bu məsələyə operativ şəkildə aydınlıq gətiriləcək.























