Bərdədə yeni qəbiristanlığın salınması planlaşdırılan əraziyə baxış keçirilib
Bərdə rayonunda yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib.
Veten.Az xəbər verir ki, Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov yeni qəbiristanlığın salınması üçün nəzərdə tutulan əraziyə baş çəkərək mövcud vəziyyətlə tanış olublar.

Bildirilib ki, Bərdə rayonunda yeni qəbiristanlığın salınması təşəbbüsü rayon sakinlərinin və seçicilərin çoxsaylı müraciətləri əsasında Milli Məclisin deputatı Fatma Yıldırım tərəfindən aidiyyəti dövlət qurumları qarşısında qaldırılıb. Müraciətlərin nəticəsi olaraq məsələ müvafiq qaydada gündəliyə daxil edilib və hazırda aparılan baxış, qiymətləndirmə və planlaşdırma işləri həmin təşəbbüsün icrası istiqamətində davam etdirilir.
Əraziyə baxış zamanı torpaq sahəsinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəyə yararlılığı qiymətləndirilib. Bununla yanaşı, ərazidə zəruri infrastrukturun yaradılması, abadlıq işlərinin görülməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkil olunması ilə bağlı məsələlər ətraflı müzakirə edilib.

Qeyd olunub ki, yeni qəbiristanlıq üçün sahənin planlı şəkildə müəyyənləşdirilməsi ilə yanaşı, onun səmərəli idarə olunması istiqamətində də müasir yanaşmaların tətbiqi nəzərdə tutulur. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilən tədbirlərin qəbiristanlıqların idarə olunması sisteminin daha da təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.




















