Bakının Badamdar qəsəbəsində yerləşən “EOS Junior” uşaq inkişaf mərkəzində azyaşlılara qarşı zorakılıq edildiyi iddia olunur. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Veten.Az xəbər verir ki, valideynlərdən birinin iddiasına görə, mərkəzdə uşaqlar müşahidə kameralarının olmadığı otaqlara aparılaraq döyülür və hədələnirlər. Şikayətçi zorakılıq hərəkətlərini mərkəzin direktoru ilə əlaqələndirib və həmin şəxslə bağlı əvvəllər də şikayətlərin edildiyini bildirib.
Valideynin sözlərinə görə, mərkəzdən ayrılan uşaqlar hazırda psixoloji dəstək alırlar.
Məsələ ilə bağlı mərkəzin icraçı direktoru Şəfəq Həsənzadə açıqlama verərək, adı çəkilən əməkdaşın işdən çıxarıldığını və hadisəyə hüquqi qiymət verilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə isə Oxu.Az-a açıqlamasında yayılan görüntülərin polis tərəfindən araşdırıldığını deyib. Onun sözlərinə görə, azyaşlıya qarşı zorakı hərəkətlərlə bağlı həm valideyn, həm də mərkəzin rəhbərliyi polisə müraciət edib. Hər iki müraciət üzrə prosessual araşdırmalar davam etdirilir.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Azyaşlılara qarşı zorakılıq iddialarının hüquqi qiyməti araşdırmanın nəticələrinə əsasən müəyyənləşdiriləcək.










































