Deputat Fatma Yıldırım 20 Oktyabr – Zəngilan şəhəri günü münasibətilə paylaşım edib.
Veten.Az xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım Zəngilan şəhəri günü ilə bağlı paylaşımında Azərbaycanın ərazi bütövlüyünün bərpasının, xalqımızın birliyinin və milli iradəsinin əhəmiyyətini vurğulayıb.
Deputat qeyd edib ki, 20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Bu əlamətdar tarix Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir.
Fatma Yıldırım bildirib ki, 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan edib. Bu tarixi müjdə uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlılara böyük sevinc bəxş edib.
Deputat xatırladıb ki, 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Zəngilanın sakinləri ağır sınaqlarla üzləşiblər. Rayon əhalisi 67 gün mühasirə şəraitində mübarizə apardıqdan sonra doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, zəngilanlılar doğma yurda qayıdacaqlarına olan inamlarını itirməyiblər. 2020-ci ildə qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsinə yol açıb.
Fatma Yıldırım vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəngilanın inkişafında yeni mərhələnin əsasını qoyub. Böyük Qayıdış proqramı çərçivəsində yaşayış evləri tikilir, yollar və kommunikasiya xətləri yenilənir, sosial infrastruktur yaradılır. Bütün bunlar sakinlərin doğma torpaqlarında təhlükəsiz və rahat yaşaması, işləməsi və gələcəyini qurması məqsədinə xidmət edir.
Deputat Ağalı kəndində yaradılmış müasir “Ağıllı kənd” modelinin bu istiqamətdə görülən işlərin uğurlu nümunələrindən biri olduğunu qeyd edib. Müasir texnologiyaların tətbiqi, yaşayış evlərinin və sosial obyektlərin inşası kəndin dayanıqlı inkişafına imkan yaradır.
Paylaşımda Zəngilanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin də əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bölgənin iqtisadi əlaqələrinin inkişafına, nəqliyyat imkanlarının artırılmasına və yeni investisiyaların cəlb edilməsinə mühüm töhfə verir.
Fatma Yıldırım rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində kənd təsərrüfatı, turizm və sahibkarlıq sahələrində həyata keçirilən layihələrin əhəmiyyətinə də diqqət çəkib. “Dost Aqropark” kimi layihələr kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Turizm infrastrukturunun genişləndirilməsi isə Zəngilanın iqtisadi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində ailələrin doğma yurda qayıtması Zəngilanın yenidən dirçəlişinin ən mühüm göstəricilərindəndir. Hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi və hər bir ailənin doğma torpağında məskunlaşması tarixi Qələbəmizin real nəticələrini əks etdirir.
Fatma Yıldırım əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və həyata keçirilən layihələr Zəngilanın iqtisadi potensialının daha da güclənməsinə, əhalinin rifahının yüksəlməsinə və rayonun Azərbaycanın ümumi inkişafına töhfəsinin artmasına şərait yaradacaq.
Deputat paylaşımının sonunda 20 Oktyabr – Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları və Azərbaycan xalqını təbrik edib, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə minnətdarlığını bildirib.











































