Süd vəzi xərçəngi ilə mübarizə: “KK Welness” maarifləndirici tədbir keçirdi
Veten.Az xəbər verir ki, oktyabr ayı – Süd Vəzi Xərçəngi ilə Mübarizə və Maarifləndirmə Ayı çərçivəsində spa konsultinq sahəsində fəaliyyət göstərən “KK Welness” şirkəti erkən diaqnozun əhəmiyyətinə diqqət çəkmək və ictimai maarifləndirməni gücləndirmək məqsədilə “Özünə qayğı və wellness səhəri” mövzusunda tədbir keçirib.
Tədbirdə şirkətin rəhbəri Könül Xəlilova və baş terapevti Fatimə Sədri çıxış edərək iştirakçılara erkən diaqnozun əhəmiyyəti və müntəzəm müayinələrin həyati rolu haqqında məlumat veriblər.
Müxtəlif sahələrin mütəxəssislərinin iştirak etdiyi tədbirdə süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrin həyatın müxtəlif sahələrində üzləşə biləcəkləri problemlər və onların düzgün həlli yolları müzakirə olunub.
Həkim-onkoloq-mammoloq Cəmilə xanım və həkim-radioloq Vəfa Xəlilova xəstəliyin diaqnostikası və müalicə metodları haqqında məlumat veriblər. Həkim-dietoloq Emil Hidayətli xərçəng xəstəliyinin profilaktikası və müalicəsində düzgün qidalanmanın əhəmiyyətindən danışıb.
Həkim-stomatoloq Natəvan Qurbanova onkoloji xəstələrin diş baxımı və müalicəsi, psixoloq Nərgiz Hüseynova isə xərçəng xəstəliyinin psixosomatikası haqqında məlumat verib. Səhiyyə idarəçisi və konsultant Nigar Rüstəmli xanımları sağlamlıqlarına diqqətlə yanaşmağa və mütəmadi müayinələrdən keçməyə çağırıb.
Tədbirdə müalicəsi davam edən, ailəsində bu xəstəliklə mübarizə aparan və artıq xəstəliyə qalib gələn xanımlar da öz təcrübələrini bölüşüblər.
Sonda tədbirdə iştirak edən bütün xanımlara Olimp Hospital tərəfindən süd vəzi üzrə ultrasəs müayinəsi (USM) və həkim-onkoloqun pulsuz müayinəsi hədiyyə edilib.
Tədbirin əsas məqsədi erkən diaqnozun əhəmiyyətini vurğulamaq, qadınların sağlamlıqlarına daha həssas yanaşmalarına dəstək olmaq və süd vəzi xərçəngi ilə bağlı maarifləndirməni gücləndirmək olub.
Təşkilatçılar bütün xanımlara özlərinə vaxt ayırmağı, müayinələrə laqeyd yanaşmamağı tövsiyə ediblər.
“Unutmayaq ki, özünüzə ayırdığınız bir gün, etdirdiyiniz bir müayinə həyatınız üçün ən dəyərli addım ola bilər”.















































