Milli Məclisin deputatı Fatma Yıldırım Veten.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışının əhəmiyyətini vurğulayıb.
Deputat bildirib ki, dövlətimizin başçısının çıxışı ölkəmizin müstəqil xarici siyasətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasətinin mühüm mesajları ilə yadda qalıb.
Fatma Yıldırım qeyd edib ki, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan bu gün Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevrilib. Ölkəmizin nəqliyyat, enerji, iqtisadiyyat, humanitar və digər sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələr Azərbaycanın regional və qlobal miqyasda artan rolunun göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Deputatın sözlərinə görə, dövlət başçısının çıxışında Azərbaycanın uzun illər ərzində üzləşdiyi ikili standartlara, Ermənistanın işğalçılıq siyasətinə və beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasındakı ədalətsiz yanaşmalara xüsusi diqqət yetirilib. Otuz ilə yaxın davam edən işğal, bir milyondan çox azərbaycanlının doğma yurdlarından qovulması, şəhər və kəndlərimizin dağıdılması, tarixi və dini abidələrimizin məhv edilməsi beynəlxalq hüququn prinsiplərinə zidd olan ağır nəticələr doğurub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin uzun illər icrasız qalması beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların bariz nümunəsinə çevrilib.
Fatma Yıldırım bildirib ki, Azərbaycan bütün bu illər ərzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışıb. Lakin Ermənistanın təxribatları, sülh danışıqlarına mane olan addımları və yeni ərazilər işğal etmək niyyətini nümayiş etdirən bəyanatları ölkəmizi öz suverenliyini və ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə təmin etməyə məcbur edib. Deputat vurğulayıb ki, 2020-ci ilin Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da ölkəmiz ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn prinsiplərinə sadiqliyini konkret əməli addımlarla təsdiqləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də müharibənin Azərbaycanın seçimi olmadığı, ölkəmizin sülhə üstünlük verdiyi və qalib dövlət olaraq belə, humanist mövqeyini qoruduğu ilə bağlıdır. Azərbaycan xalqı onilliklər ərzində yaşadığı faciələrə, itkilərə və dağıntılara baxmayaraq, intiqamçılıq siyasəti yürütməyib, əksinə, Ermənistanla sülh münasibətlərinin qurulmasını təklif edib. Fatma Yıldırımın fikrincə, bu yanaşma xalqımızın mənəvi dəyərlərinin, dövlətimizin siyasi iradəsinin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təzahürüdür.
Fatma Yıldırım vurğulayıb ki, bu gün regionda sülhün qorunması və möhkəmləndirilməsi tərəflərin beynəlxalq hüquqa hörmət etməsindən, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsindən və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradılmasından asılıdır. Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına, iqtisadi əlaqələrin genişlənməsinə və xalqların rifahına xidmət edir. Ölkəmizin mövqeyi aydındır: sülh davamlı olmalı, beynəlxalq hüquq prinsiplərinə əsaslanmalı və qarşılıqlı etimadla möhkəmləndirilməlidir.
Deputat AQEM-ə ikiillik sədrlik dövründə Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmi nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsi, üzvlük coğrafiyasının genişlənməsi, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm nəticələrindəndir.
Fatma Yıldırım hesab edir ki, Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu, milli maraqlarına əsaslanan müstəqil siyasətini və qlobal problemlərin həllində fəal iştirakını bir daha təsdiqləyib. Azərbaycan bu gün yalnız öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş dövlət deyil, eyni zamanda, regionda sülhün, təhlükəsizliyin, etimadın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərən etibarlı tərəfdaşdır.











































