Bərdədə pambıq yığımı davam etdirilir – rayon rəhbəri sahələrdə olub
Bərdə rayonunda pambıq yığımı mövsümü başlayıb. Sahələrdə məhsulun vaxtında və itkisiz toplanması üçün müvafiq tədbirlər həyata keçirilir.
Veten.Az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon ərazisində pambıq yığımının başlanması ilə əlaqədar “Prime Cotton” MMC-nin Bərdə filialında olub.
Rayon rəhbəri burada pambıq yığımına cəlb olunan kənd təsərrüfatı texnikalarının vəziyyəti və hazırlıq səviyyəsi ilə tanış olub.
Daha sonra Vidadi İsayev Lənbəran kəndində pambıq yığımının gedişinə baxış keçirib. Burada yığım prosesinin vaxtında və itkisiz təşkili istiqamətində görülən işlərlə tanış olub.
Bildirilib ki, Bərdədə pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və müasir aqrotexniki tədbirlərin tətbiqi kənd təsərrüfatının əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Yığım dövründə texnikanın sahələrə vaxtında cəlb olunması, məhsulun itkisiz və keyfiyyətli şəkildə toplanması, eləcə də fermerlərin qarşılaşa biləcəyi problemlərin operativ həlli istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və fermerlərə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmin müşavirədə pambıqçılığın inkişafı istiqamətində görülən tədbirlər nəticəsində istehsal və məhsuldarlıq göstəricilərində əhəmiyyətli artım əldə olunduğu bildirilib.
Bundan əlavə, 25 may 2026-cı il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılmasını və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsini nəzərdə tutur.
Bərdədə də qarşıya qoyulan vəzifələrə uyğun olaraq kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, fermerlərin fəaliyyətinin dəstəklənməsi, məhsuldarlığın yüksəldilməsi və müasir texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.












































