Bərdədə maye qaz doldurma məntəqələri fəaliyyətini dayandırıb – sakinlər çətinliklə üzləşib
Bərdədə maye qaz doldurma məntəqələrinin fəaliyyətini dayandırması sakinlər arasında narazılığa səbəb olub.
Veten.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, rayonda maye qaz doldurmaq üçün fəaliyyət göstərən məntəqələr artıq bir neçə aydır işləmir.
Maye qazdan yalnız avtomobillərdə deyil, bəzi evlərdə və müxtəlif obyektlərdə məişət məqsədləri üçün də istifadə olunur. Bu səbəbdən məntəqələrin fəaliyyət göstərməməsi həmin şəxslər üçün ciddi çətinlik yaradıb.
Sakinlər bildirirlər ki, maye qaz balonlarını doldurmaq üçün Bərdədən kənar ərazilərə getmək məcburiyyətində qalırlar. Bu isə həm əlavə yol məsafəsi, həm də vaxt və maddi xərc deməkdir.
Xüsusilə qaz təminatından alternativ yanacaq kimi istifadə edən ailələr və obyekt sahibləri problemin mümkün qədər tez həll olunmasını istəyirlər.
Sakinlər aidiyyəti qurumların məsələni araşdırmasını, Bərdədə maye qaz doldurma məntəqələrinin fəaliyyətinin dayandırılmasının səbəblərinin açıqlanmasını və xidmətin nə vaxt bərpa olunacağı barədə ictimaiyyətə məlumat verilməsini xahiş edirlər.
Veten.Az olaraq məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq. Rəsmi açıqlama verildiyi halda məlumatı təqdim edəcəyik.











































