24 sentyabr 2026-cı il tarixində İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhid olmuş Lələyev İbrahim Həzrətqulu oğlunun əziz xatirəsinə həsr olunmuş “Qəlbi Vətənlə döyünənlər” adlı xatirə gecəsi keçirilib.
Veten.Az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Xatirə gecəsində şəhid İbrahim Lələyevin atası Həzrətqulu Lələyev, qardaşı İsmayıl Lələyev, bacıları Əsmər və Gülnar, əmiləri Mehdi və Ələmdar Lələyev, bibiləri Zinnət və Nahidə Lələyeva, əmisi oğlanları İlqar və Mərhəmət Lələyev, Hişkədərə kənd sakinləri, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirdə şəhidin əmisi Mehdi Lələyev çıxış edərək İbrahimlə bağlı xatirələrini bölüşüb. O, şəhidin uşaqlıq və gənclik illərindən, ailəsinə, doğmalarına və Vətəninə olan sevgisindən danışıb.
Mehdi Lələyev bildirib ki, İbrahim Vətən sevgisini sözləri ilə deyil, əməli ilə göstərən, torpağına bağlı və vətənpərvər gənc olub. Vətən müharibəsi başlayan zaman onun könüllü olaraq Vətənin müdafiəsinə yollanması da bunun bariz nümunəsi kimi qeyd edilib.
Çıxış zamanı vurğulanıb ki, İbrahimin şəhid olması ailəsi üçün böyük və əvəzolunmaz itki olsa da, onun Vətən uğrunda canından keçməsi ailəsi, doğmaları və doğulduğu Hişkədərə kəndi üçün qürur mənbəyidir. Şəhidin adının yaşadılması və onun qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artistləri Ağadadaş Ağayev və Gülyaz Məmmədova səhnəyə çıxaraq şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə edib, Vətənə və şəhidlərə həsr olunmuş mahnılar səsləndiriblər.
Bununla yanaşı, müğənnilər Mirələm Mirələmov, Tərlan Mustafayev, Zaur Quluzadə və digər gənc sənətçilər də çıxış edərək şəhidlərin ruhuna həsr olunmuş musiqi nömrələri təqdim ediblər.
Xatirə gecəsində Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri, şəhid anası Xatirə Cəfərova da çıxış edib. O, şəhid İbrahim Lələyevin atası Həzrətqulu Lələyevə İctimai Birliyin adından fəxri fərman təqdim edib.
Daha sonra Xatirə Cəfərova gənc müğənni Zaur Quluzadəyə vətənpərvər mövqeyinə və şəhidlərin xatirəsinə həsr olunan tədbirlərdə fəal iştirakına görə fəxri fərman təqdim edib.
Tədbirdə yazıçı-publisist Nurəddin Ədiloğlu, yazıçı-publisist Nəzirməmməd Zöhrablı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov, tanınmış teleaparıcı və rejissor Elçin Məmiyev də çıxış edərək şəhid İbrahim Lələyevin xatirəsi ilə bağlı fikirlərini bölüşüblər.
Xatirə gecəsində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Cənubunsəsi” xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev, eləcə də “Z/M Media” Xəbər Agentliyinin təsisçisi və baş redaktoru, gənc müğənni Zaur Quluzadə iştirak ediblər.
Tədbirin sonunda şəhidin əmisi oğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Cənubunsəsi” xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev çıxış edərək xatirə gecəsinin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Mərhəmət Lələyev İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin rəhbərliyinə və kollektivinə, tədbirdə iştirak edən şəhid ailələrinə, qazilərə, qohumlara, Hişkədərə kənd sakinlərinə, ziyalılara, sənət adamlarına və digər qonaqlara minnətdarlığını ifadə edib.
Xatirə gecəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı xüsusi bədii kompozisiya ilə başa çatıb.
Qeyd edək ki, “Qəlbi Vətənlə döyünənlər” adlı xatirə gecəsinin təşkilatçıları şəhidin əmisi Mehdi Lələyev, əmisi oğlu Mərhəmət Lələyev və bibisi Zinnət Lələyeva olub.












































