Nazir Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul edib – 458 nəfər növbəti mərhələyə keçib
Veten.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.
Nazir səfər çərçivəsində əvvəlcə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında keçirilən qəbul zamanı 585 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin operativ şəkildə və qanunvericiliyin tələblərinə uyğun həlli, həmçinin vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digər məsələlər isə nəzarətə götürülüb.
Səfər zamanı general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 458 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.











































