Əliyev-Paşinyan görüşü dünya mediasının diqqətində – Sülh və TRIPP gündəmdə
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 31-də Bişkekdə keçirilən görüşü beynəlxalq və regional media tərəfindən geniş işıqlandırılıb.
Veten.Az xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh prosesinin davam etdirilməsi, iqtisadi-ticarət və enerji əlaqələrinin genişləndirilməsi, eləcə də TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Görüşə Avropanın “Euronews”, Türkiyənin Anadolu Agentliyi, İsveçrənin “SWI”, “IntelliNews”, “Commonspace”, Rusiyanın “Kommersant” və “Interfax”, İranın IRNA, Gürcüstanın 1TV və “Newshub Georgia”, Qazaxıstanın “Kursiv” nəşri və digər media qurumları geniş yer ayırıb.
“Euronews” görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələsi kontekstində təqdim edib. Nəşr liderlərin qarşıdakı addımları, yeni ticarət və enerji əməkdaşlığı, həmçinin TRIPP marşrutu ilə bağlı məsələləri müzakirə etdiyini yazıb.
Anadolu Agentliyi görüşü iqtisadi, ticarət və enerji əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm təmas kimi qiymətləndirib. Agentlik Azərbaycan neft məhsullarının Ermənistana ixracına, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranzitinə, eləcə də TRIPP layihəsinin icrası ilə bağlı məsələlərə diqqət çəkib.
İsveçrənin “SWI” platforması isə Əliyev və Paşinyanın davamlı sülhün yaradılması istiqamətində səyləri davam etdirmək barədə razılığa gəldiyini vurğulayıb. Nəşr iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi ilə yanaşı, Azərbaycan neft məhsullarının Ermənistana ixracının başlanmasını da ön plana çıxarıb.
“IntelliNews” görüşü sülh prosesinin irəlilədilməsi baxımından dəyərləndirib. Nəşr Azərbaycan ərazisindən tranzitin genişləndirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin qurulmasını sülhün möhkəmləndirilməsinin praktiki göstəriciləri kimi təqdim edib.
Rusiyanın “Kommersant” nəşri isə görüşə əsasən iqtisadi aspektdən yanaşıb. Nəşr Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin qurulmasını və Azərbaycan neft məhsullarının Ermənistana ixracını xüsusi qeyd edib.
“Interfax” görüşdə münasibətlərin normallaşdırılması, TRIPP layihəsinin həyata keçirilməsi və iki ölkə arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunduğunu yazıb.
Gürcüstanın 1TV-si də görüşü sülh prosesi və regional əməkdaşlıq kontekstində işıqlandırıb. Xəbərdə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən tranzit imkanları, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, həmçinin sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyəti qeyd olunub.
Qazaxıstanın “Kursiv” nəşri isə liderlərin münasibətlərin normallaşdırılması prosesinin gedişini və əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə etdiyini bildirib. Nəşr də Azərbaycan neft məhsullarının Ermənistana ixracını və tranzit imkanlarını sülh prosesinin praktiki nəticələri sırasında göstərib.
İranın dövlət xəbər agentliyi IRNA görüşün əsas istiqamətlərini sülhün möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı kimi təqdim edib.
Bundan başqa, görüş “Hürriyet”, “Türkiye Gazetesi”, “Yeni Şafak”, “TRT Avaz”, “24.kg”, “Ulysmedia”, “CentralAsia.media”, “Economist.kg”, “Netgazeti”, “Interpressnews”, “Resonance Daily”, “Info9”, “PrimeTime”, “New Turk Post” və “TRT Arabi” kimi media qurumlarının da diqqət mərkəzində olub.
Beynəlxalq medianın materiallarından görünür ki, Əliyev-Paşinyan görüşünün əsas gündəliyini siyasi dialoqla yanaşı, sülh prosesinin praktiki nəticələrlə möhkəmləndirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, tranzit imkanlarının artırılması və regional bağlantıların inkişafı təşkil edib.











































